Logo

Qardaşlıq görüşü - Müəllim yazısı

19.06.2023 19:37 514 baxış
IMG

İyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifini Azərbaycan Prezidenti cənab İlham Əliyev qarşıladı.Qarşılama zamanı Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident cənab İlham Əliyev çıxışında bildirib ki, çox şadam ki, əziz qardaşım Azərbaycanda səfərdədir. Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir, və Baş nazirlə təmaslarımız müntəzəmdir. Biz ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşmüşük. Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, sonra isə cənab Baş nazirə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində hazırda gedən danışıqlarla bağlı məlumat verilib. Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!

Prezident cənab İlham Əliyev görüş zamanı qeyd edib ki, Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir,çünki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.

Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi.

Prezident jurnalistlərə müsaibəsində bildirib ki, biz ikitərəfli gündəliyimizə daxil olan bir çox məsələləri, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.

Biz eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək.

Əlbəttə ki, enerji sahəsində böyük perspektivlər var, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində. Biz, eyni zamanda, razılığa gəldik ki, şəhərlərimiz arasında uçuşların sayını artıracağıq, xüsusilə də paytaxtlar arasında. Bu isə görüşümüzün, bu səfərin yaxşı nəticəsi olacaqdır.
Eyni zamanda, biz müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.

Eyni zamanda Pakistanın Baş naziri cənab Məhəmməd Şahbaz Şərifi çıxışında qeyd edib ki,Cənab Prezident, mənəvi dəstəyə görə təşəkkür edirəm. Siz Kəşmir məsələsində hər zaman bizim bacı-qardaşlarımızın yanında olmusunuz. Bu, bizim üçün çox dəyərlidir və bizi, kəşmirli bacı-qardaşlarımızı ruhlandırır ki, onlar özlərinin müqəddəratlarının təyin edilməsi məsələsinə də bir gün nail olacaqlar, inşallah.

Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik. Sizin Ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçirdik.

Sonda Baş nazir Məhəmməd Şahbaz Şərifi cənab Prezidentə, qonaqpərvərliyinə görə bir daha təşəkkürünü bildirib. Gözəl ölkənizdə olmağa şadam. Bu imkanı bizə yaratdığınız üçün sizə bir daha təşəkkür edirəm, şəxsən sizin bütün nailiyyətlərinizin şahidi oldum, sizin rəhbərliyinizlə bu ölkədə nə işlər görülüb, onu da öz gözlərimlə gördüm,bu fürsətdən istifadə edərək, cənab Prezident, sizi Pakistana səfərə dəvət edirəm. Böyük məmnuniyyətlə sizi İslamabadda görməyə şad olacağam.

Aygün İsmayılova
Ucar şəhər 6 nömrəli tam orta məktəbin Riyaziyyat və informatika müəllimi

Xəbər lenti